MƏQALƏLƏR

Süni intellekt korporativ kommunikasiyanı necə dəyişir?

N Nəzrin Salmanova 2 dəq oxuma
İnsan və süni intellektin korporativ kommunikasiyada əməkdaşlığı
Foto: Marklife

Süni intellekt korporativ kommunikasiyada məzmun hazırlanmasından reputasiya risklərinin idarə edilməsinə, böhran ssenarilərinin təhlilindən auditoriya ilə əlaqələrin qurulmasına qədər bir çox prosesi dəyişir. Şirkətlər bu texnologiya vasitəsilə məlumatları daha sürətli təhlil edir, kommunikasiya strategiyalarını təkmilləşdirir və fərqli auditoriyalara uyğun mesajlar hazırlayırlar. Lakin sürət və səmərəlilik imkanları ilə yanaşı, brendlərin özünəməxsus üslubunu qorumaq, etimadı gücləndirmək və etik prinsiplərə əməl etmək məsələləri də aktuallığını saxlayır.  

Süni intellektin əsas üstünlüklərindən biri böyük həcimli məlumatları qısa müddətdə təhlil edərək faydalı nəticələr ortaya çıxarmasıdır. Bu, komunikasiya komandalarına auditoriyanın gözləntilərini daha da yaxşı anlamağa, reputasiya  risklərini vaxtında müəyyənləşdirməyə və mümkün böhranlara hazırlıq görməyə imkan verir. Bununla belə, texnologiyanın hazırladığı mətnlərin axıcı və inandırıcı olması onların hər zaman doğru və şirkətin mövqeyinə uyğun olduğu demək deyil. Buna görə də strateji qərarlar və ictimaiyyətə təqdim olunan mesajlar insan nəzarətindən keçməlidir.

Şirkətlərin qarşılaşdığı əsas problemlərdən biri kommunikasiya dilinin eyniləşməsi riskidir. Oxşar alqoritmlər və göstərişlər əsasında hazırlanan məzmunlar brendlərin fərdi üslubunu zəiflədə, onları rəqiblərindən fərqləndirən xüsusiyyətləri arxa plana keçirə bilər. Halbuki güclü kommunikasiya yalnız düzgün məlumat ötürməkdən ibarət deyil. Burada şirkətin dəyərləri, təcrübəsi, auditoriyanı anlama bacarığı və hadisələrə özünəməxsus yanaşması da mühüm rol oynayır. Bu baxımdan, süni intellektin şirkətlərdə tətbiqi sadəcə texnoloji yenilik kimi qiymətləndirilməməlidir. Texnologiya gündəlik işlərin avtomatlaşdırılmasına və məzmun istehsalının sürətlənməsinə kömək etsə də, istehlakçının real ehtiyaclarını anlamaq, onunla emosional əlaqə yaratmaq və etibarlı münasibətlər qurmaq üçün insan amili vacib olaraq qalır. Xüsusilə böhran kommunikasiyasında düzgün ifadə seçimi, empatiya və məsuliyyətli mövqe nümayiş etdirmək həlledici əhəmiyyət daşıyır.

Digər mühüm məsələ məlumatların təhlükəsizliyi və etik məsuliyyətdir. Şirkətə məxsus məxfi məlumatların nəzarətsiz şəkildə süni intellekt platformalarına ötürülməsi, müəllif hüquqlarının nəzərə alınmaması və yoxlanılmamış məlumatlardan istifadə reputasiya riskləri yarada bilər. Buna görə müəssisələr texnologiyadan istifadə qaydalarını müəyyənləşdirməli, məlumatların qorunmasını təmin etməli və yaradılan məzmun üçün aydın yoxlama mexanizmləri qurmalıdırlar.

Gələcəkdə kommunikasiya sahəsində fərqlənən şirkətlər, böyük ehtimalla, süni intellektdən ən çox istifadə edənlər deyil, onun imkanlarını öz strategiyaları ilə düzgün birləşdirənlər olacaq. Texnologiya məlumatları təhlil edə, ideyaların inkişafına kömək göstərə və iş proseslərini sürətləndirə bilər. Lakin brendin kimliyini, ünsiyyət tərzini və auditoriya ilə münasibətlərinin əsasını müəyyənləşdirən yenə də insan təcrübəsi, yaradıcı düşüncə və dəyərlərdir.

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.