“Pringles” 28 min dollar təklif edir: Kampaniya şərti isə ağlasığmazdır!
Marklife.az "Marketinq Türkiyə"yə istinadla xəbər verir ki, kampaniyada iştirak etmək istəyən ABŞ sakinləri küllərinin “Pringles” qabına yerləşdirilməsini vəsiyyət edən sənəd imzalamalıdırlar. Seçiləcək iştirakçıya üzərində adının həkk olunduğu metal kül qabı və 28 min 80 dollar məbləğində pul mükafatı veriləcək. Mükafatın məbləği həftədə bir qutu çips istehlakı əsasında 200 illik dövr üçün hesablanıb.
Kampaniyanın ideyası “Pringles” qablaşdırmasının dizayneri Fredric Baurun hekayəsindən qaynaqlanır. Baur 2008-ci ildə vəfat edərkən küllərinin bir hissəsinin özünün hazırladığı “Pringles” qabına yerləşdirilməsini vəsiyyət etmişdi. Brend bu hadisədən ilhamlanaraq qeyri-adi marketinq təşəbbüsü hazırlayıb.
Kampaniyanın tanıtım videosunda dəfn xidmətləri sahəsində çalışan Dan the Funeral Man də yer alır. “Mars Snacking” şirkətinin Şimali Amerika üzrə duzlu qəlyanaltılar brendi və məzmun rəhbəri Mauricio Jenkins bildirib ki, məqsəd “Pringles” qabını pərəstişkarlarının şəxsi irsinin bir hissəsinə çevirməkdir.
Qeyd edək ki, “Pringles” daha əvvəl də çips məhsulunu oyun dizaynına çevirərək kampaniya həyata keçirib. Brend bu dəfə qablaşdırmasının qeyri-adi tarixçəsini marketinq strategiyasının mərkəzinə yerləşdirərək fərqli yanaşma nümayiş etdirib.
Mənbə: Marketinq Türkiyə
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


