MÜSAHİBƏLƏR

Ceyran Əzimli: “Məqsədimiz iştirakçıların forumdan konkret ideya və aydın fəaliyyət planı ilə ayrılmalarıdır”

N Nəzrin Salmanova 2 dəq oxuma
“Mikrosahibkarların Forumu 2026”
Foto: Marklife
Ceyran Əzimli
Ceyran Əzimli“AZIMLI Company”nin rəhbəri

“Mikrosahibkarların Forumu 2026”ya sayılı günlər qalıb. Ölkəmizin sahibkarlıq ekosistemində mühüm hadisəyə çevriləcək bu platforma, kiçik və mikrosahibkarların inkişafı, biznes aləmindəki yeniliklərlə tanışlığı və təcrübə mübadiləsi üçün misilsiz imkanlar açır. İlk dəfə təşkil olunmasına baxmayaraq, böyük maraqla gözlənilən forum nəzəri məlumatlardan ziyadə, biznes sahiblərinin gündəlik fəaliyyətdə qarşılaşdıqları real çətinliklərə praktik və effektiv həll yolları təqdim etməyi hədəfləyir.

Bu barədə “AZIMLI Company”nin rəhbəri Ceyran Əzimli forumun əsas məqsədi və sahibkarlıq mühitinə gətirəcəyi dəyərlər barədə öz fikirlərini "Marklife.az"la bölüşüb.

Onun sözlərinə görə, təşəbbüsün əsas qayəsi iştirakçıların biznesə daha hazırlıqlı, sistemli və peşəkar yanaşmasına dəstək olmaq, həmçinin mövcud biznesin böyüməsi zamanı ortaya çıkan maneələrin dəf edilməsinə kömək etməkdir:

"İştirakçıların əldə etdikləri bilikləri öz fəaliyyətlərinə tətbiq edərək daha doğru qərarlar verəcəklərinə inanırıq. Məqsədimiz işə yeni başlayanların olası çətinliklərə hazırlıqlı olması, fəaliyyətdə olan sahibkarların isə müştəri bazalarını genişləndirmək və brendlərini doğru mövqeləndirmək üçün yeni strategiyalar qazanmasıdır. Ən başlıcası, iştirakçıların buradan yalnız məlumatla deyil, konkret ideya və aydın fəaliyyət planı ilə ayrılmalarını hədəfləyirik”.

Ölkəmizdə ilk dəfə təşkil edilən bu layihənin sahibkarlıq mühitinə dəyər qatacağını vurğulayan Ceyran Əzimli, hər bir təşəbbüsdə cəmiyyətin real tələbatının nəzərə alınmasını vacib şərt hesab edir:

“Mikrosahibkarlar Forumunun cəmiyyət üçün daşıdığı dəyərin və əhəmiyyətin fərqindəyik. Xüsusilə, ölkəmizdə bu istiqamətdə ilk dəfə keçirilən belə bir forumun sahibkarlıq ekosisteminə töhfə verəcəyinə inanırıq. Lakin düşünürəm ki, hər bir təşəbbüsün davamlılığı üçün onun cəmiyyət tərəfindən nə dərəcədə tələb olunduğunu da nəzərə almaq vacibdir. Bizim üçün əsas məsələ sadəcə tədbir keçirmək deyil, real ehtiyaca cavab vermək və fayda yaratmaqdır. Tələbatı və nəticələri nəzərə almadan davam etməkdənsə, atdığımız addımların nə dərəcədə faydalı olduğunu qiymətləndirməyi daha doğru hesab edirəm. Sahibkarlarla bağlı fəaliyyətimə, əməkdaşlıqlarıma və yeni layihələrə davam edəcəyəm. Forumun gələcəyinə gəldikdə isə, ilkin planımız onu hər il bir dəfə keçirməkdir. Təbii ki, bu qərar iştirakçıların marağına, sahibkarların ehtiyaclarına və forumun yaratdığı real nəticələrə uyğun olaraq formalaşacaq. İstəyimiz bu təşəbbüsü formal olaraq davam etdirmək deyil, hər il sahibkarlar üçün həqiqətən dəyər yaradan bir platforma kimi inkişaf etdirməkdir. İnanıram ki, hər kəs üçün belə daha faydalı və sağlam qərar olar”,- deyə C.Əzimli fikrini yekunlaşdırıb.

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.