“Loop Tech” şirkətinin satış meneceri: AI biznesin virtual analitiki rolunu oynayır
Rəqəmsal transformasiyanın sürətləndiyi müasir dövrdə ənənəvi idarəetmə və satış metodu ilə işləyən şirkətlər bazarın dinamik tələblərinə cavab verməkdə çətinlik çəkirlər. Məhz bu səbəbdən süni intellekt həlləri artıq sadəce bir innovasiya və ya trend deyil, bizneslərin davamlı inkişafı, rəqabətədavamlılığı və əməliyyat effektivliyi üçün həyati zərurətə çevrilib.
Məhz bu rəqəmsal transformasiya tələblərinə cavab olaraq, yerli rəqəmsal həllər və "Loop A.I."ekosisteminin imkanları barədə "Loop Tech" şirkətinin satış meneceri Tuncay Qasımlı "Marklife.az"aməlumat verib:

“Bizim komanda artıq beş ildir ki, proqram təminatının yazılması, mobil tətbiqlərin və vebsaytların hazırlanması, eləcə də digər rəqəmsal həllərin təqdim edilməsi sahəsində fəaliyyət göstərir. Bu təqdimatda haqqında danışılan əsas məhsulumuz Loop A.I. adlı kompleks süni intellekt ekosistemidir. Bu sistemin real biznesdə necə işlədiyini nümayiş etdirmək üçün nümunə olaraq onu inteqrasiya etdiyimiz "Santral Elektrik" şirkətinin təcrübəsindən istifadə olunur. Platformaya daxil olduqda istifadəçini ilk olaraq mərkəzi idarə paneli qarşılayır. Bu panel vasitəsilə gün ərzində göndərilən mesajların sayı, hazırda aktiv olan söhbətlər, süni intellekt tərəfindən avtomatik cavablandırılan sorğular və ümumi istifadəçi aktivliyi kimi vacib statistik göstəriciləri dərhal görmək mümkündür. Sistem çoxkanallı ünsiyyət imkanına malikdir. Məsələn, Santral Elektrik şirkətində bu sistem üç əsas platformaya — WhatsApp, Instagram və vebsayta inteqrasiya edilib. Müştərilərin bu kanallardan yazdığı bütün mesajlar tək bir mərkəzdə toplanır və menecerlər bütün yazışmaları eyni yerdən rahatlıqla izləyə bilirlər”.
Onun sözlərinə görə,ekosistemin ən vacib üstünlüklərindən biri kimi satışların və müştəri xidmətlərinin tam avtomatlaşdırılmasıdır:
“7/24 rejimində çalışan E-agent adlı süni intellekt assistenti müştərilərlə fasiləsiz əlaqə saxlayır. O, yalnız mətnləri deyil, müştərilərin göndərdiyi səsli mesajları və məhsul şəkillərini də dəqiq analiz etmək qabiliyyətinə malikdir. Məsələn, müştəri hər hansı bir məhsulun şəklini və ya səs yazısını göndərib onun anbarda olub-olmadığını soruşduqda, süni intellekt bazanı yoxlayır, məhsulun varlığı və qiyməti haqqında məlumat verir, hətta sifarişi rəsmiləşdirməyi təklif edir. Müştəri razılaşdıqda isə onun adını, əlaqə nömrəsini və çatdırılma ünvanını götürərək dərhal daxili CRM sisteminə qeyd edir və cavabdeh menecerə bildiriş göndərir. CRM sistemində məlumatlar iki cür təhlil olunur: həm fərdi firma/müştəri səviyyəsində, həm də ümumi məhsul kateqoriyaları üzrə. Məsələn, sistem göstərir ki, işıqlandırma və ya konkret lampa modelləri ilə neçə nəfər maraqlanıb. Sahibkar üçün bunun böyük praktiki faydası var. Əgər sahibkar konkret bir məhsul qrupuna (məsələn, lampalara) endirim tətbiq etmək istəyirsə, həmin məhsulla maraqlanmış yüzlərlə müştəriyə tək bir kliklə xüsusi endirim və kampaniya mesajı göndərə bilir”.
T.Qasımlı əlavə edib ki, ekosistem bizneslərə əlavə xərclər çəkmədən tək səhifəlik saytlar, korporativ informativ vebsaytlar və e-ticarət mağazaları təqdim edir, lazımi hallarda isə xüsusi mobil tətbiqlər hazırlayır:
“Otel, restoran, güzəllik salonu və ya kirayə xidməti ilə məşğul olan bizneslər üçün isə avtomatlaşdırılmış rezervasiya modulu mövcuddur. Süni intellekt müştəri ilə danışaraq cədvəldəki boş saatları müəyyənləşdirir və görüşü avtomatik təyin edir. Süni intellekt həm də biznesin virtual analitiki rolunu oynayır. O, satışların dinamikasını, işçilərin performansını, müştərilərin maraq dairəsini təhlil edir və sahibkarın bizneslə bağlı verdiyi sualları dataya əsaslanaraq cavablandırır. Komanda layihənin tətbiqi və istifadəsi dövründə istifadəçilərə tam ödənişsiz texniki dəstək də göstərir. Bu layihənin yaradılmasında təməl məqsəd istənilən biznes sahəsini rəqəmsallaşdırmaq və onların iş prosesini asanlaşdırmaqdır. Çünki müasir dövrdə ən qiymətl resurs zamandır və vaxt itkisinin qarşısını almaq həyati əhəmiyyət daşıyır. Loop A.I. ekosistemi sahibkarların daha az vaxt və resurs sərf edərək daha çox gəlir əldə etməsi üçün nəzərdə tutulub”.
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


