Kəmalə Rövşən: “Güvən yaratdınsa, bitib-tükənməyən biznesin olacaq”

Rəqəmsal transformasiyaların, süni intellektin və sürətlə dəyişən bazar tendensiyalarının ön planda olduğu 2026-cı ildə sahibkarlıq artıq sadəcə məhsul və ya xidmət satışı deyil — şəxsi brendinq, dürüstlük və qarşılıqlı güvən üzərində qurulur.
İlin əsas işgüzar platformalarından biri olan "Mikrosahibkarların Forumu 2026" məhz bu dəyərləri yenidən müzakirəyə çıxararaq kiçik və orta biznes sahiblərinə yeni inkişaf üfüqləri açıb. Forum çərçivəsində keçirilən sessiyalar zamanı sahibkarların üzləşdiyi əsas çağırışlar – rəqabət mühitində sünilikdən qurtulmaq, rəqəmsal paylaşımlarda səmimiyyəti qorumaq və auditoriyada davamlı güvən yaratmaq kimi həyati mövzular geniş müzakirə olunub.
Bu konteksdə şəxsi brendinq mentoru Kəmalə Rövşən forum çərçivəsində “Marklife.az”a müsahibə verib. Müsahibədə rəqəmsal dünyada səmimiyyətin qorunması, süniliklə mübarizə yolları və şəxsi brendinq qurarkən tanınmaqdan daha çox güvən qazanmağın vacibliyindən danışıb. Həmin müsahibəni təqdim edirik:
— Çıxışınızda qeyd etdiniz ki, ən önəmli şey 2026-cı ildə səmimiyyətdir, deyilmi? Bir çox paylaşımlar olur ki, biz o səmimiyyəti tuta bilmirik. Yəni süni görünüş alqış yaradır. Bundan necə qurtulmaq olar? Ümumiyyətlə, şəxsi bütövlüyü inkişaf etdirmək üçün nə etmək olar?
— Test etmək, yəni davamlı olaraq süni olduğumu qəbul etmək. Mən süniyəm, süni görünürəm, amma buna rəğmən kamera qarşısına çıxıb danışacağam. Yavaş-yavaş sünilik birdən-birə gedən bir şey deyil. Etiraf edim ki, mən də 10 il əvvəlki videolarımda görürəm ki, süniyəm. Amma bu onu göstərir ki, zamanla süniliyin azalır, daha çox özün ola bilərsən. Amma birdən-birə oturduğun yerdə sünilik öz-özünə sənə gəlməyəcək. Ümumiyyətlə, çox cəhd etmək lazımdır.
— Və etiraf məsələsinə gəlsək, hər şey etirafdan başlayır. Amma bunu özünə etiraf edə bilməynlər də var. Yəni bu nöqtəni aşmaq üçün nə etməlidirlər?
— Öz daxillərinə baxsınlar. Çünki birinci insan özünə – kölgə tərəflərini, qara tərəflərini etiraf etməyi bacarmalıdır. Daha sonra cəmiyyətə açıq olmağa hazır olmalıdır. Yəni burada dəstək almaq önəmlidir, bu proses öz-özünə keçib getməyəcək.
— Son olaraq, forum iştirakçılarına ümumiyyətlə hansı mesajı ötürmək istərdiniz?
— Mesajım odur ki, tanınmaqdan daha çox güvənə önəm vermək lazımdır. Çünki bizə pul gətirən güvəndir. Ona görə də paylaşımlarında özlərinə belə sual versinlər: "Mən həqiqətən bu paylaşımla insanlarda güvən yarada bilirəmmi?" Güvən yaratdınsa, o deməkdir ki, sənin bitib-tükənməyən biznesin olacaq. Mən davam edirəm, buradan qazanc da gələcək.
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


