Müasir və dayanıqlı iqtisadi modelin möhkəm təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub” — Məzahir Əfəndiyev
Milli Məclisin deputatı Məzahir Əfəndiyev “Mikrosahibkarların Forumu 2026”da çıxış edib
“Marklife.az”ın tədbirdə iştirak edən müxbiri xəbər verir ki, “Mikrosahibkarların Forumu 2026” tədbirində Milli Məclisin deputatı Məzahir Əfəndiyev iştirak və çıxış edib.
Millət vəkili öz çıxışında ölkə iqtisadiyyatının dinamik inkişafından, kiçik və orta biznesin, xüsusilə də mikrosahibkarlığın milli iqtisadiyyatda oynadığı strateji roldan bəhs edib. Məzahir Əfəndiyev Azərbaycanda sahibkarlıq mühitinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıb:
“Azərbaycanda müasir və dayanıqlı iqtisadi modelin, eləcə də azad rəqabətə söykənən özəl sektorun möhkəm təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər hər zaman sahibkarlığın təşəkkül tapmasını, özəl təşəbbüslərin dəstəklənməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edirdi. Bu gün həmin uğurlu strategiya Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq qətiyyətlə davam etdirilir”.
Deputat çıxışında bildirib ki, ölkədə kiçik və mikrosahibkarlığın inkişafı üçün yaradılan münbit şərait, vergi və güzəşt mexanizmləri, eləcə də dövlət dəstəyi təşəbbüsləri milli iqtisadiyyatın şaxələnməsinə və yeni iş yerlərinin açılmasına mühüm töhfə verir.
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


