MÜSAHİBƏLƏR

Nərmin Qarayeva : “Məqsədimiz sahibkarlığın inkişafına real töhfə verməkdir”

N Nəzrin Salmanova 3 dəq oxuma
“Mikrosahibkarların Forumu 2026”
Foto: Marklife
Nərmin Qarayeva
Nərmin Qarayeva“Mikrosahibkarların Forumu 2026”nın təşkilatçısı, “Notify Group” şirkətinin təsisçi direktoru

Sahibkarlığın inkişafına dəstək göstərmək, mikrobizneslərin üzləşdiyi çətinliklərin həllinə töhfə vermək və sahibkarların praktiki biliklərə çıxışını genişləndirmək məqsədilə oktyabrın 24-də “Mikrosahibkarların Forumu 2026” keçiriləcək. “Möhkəm Təməl • Güclü Brend • Uğurlu Sahibkar” şüarı altında təşkil olunan forum sahibkarları, biznesə başlamağı planlaşdıran şəxsləri və müxtəlif sahələr üzrə mütəxəssisləri bir araya gətirəcək.

Bəs forumun yaradılması ideyası hansı ehtiyaclardan irəli gəlib? Təşkilatçılar tədbirdən hansı nəticələri gözləyirlər və forumun sahibkarlıq mühitinə töhfəsi nədən ibarət olacaq?

Bu sualları “Marklife.az”a müsahibəsində “Mikrosahibkarların Forumu 2026”nın təşkilatçısı, “Notify Group” şirkətinin təsisçi direktoru Nərmin Qarayeva cavablandırıb.

Forumun yaradılması ideyasından danışan Nərmin Qarayeva təşəbbüsün sahibkarların real ehtiyaclarına əsaslandığını bildirib:

“Biznes qurmaq istəyən, müəyyən ideyaları olan, hətta artıq fəaliyyətə başlayan kifayət qədər insan var. Amma müşahidə edirik ki, bir çox sahibkar biznesə böyük həvəslə başlasa da, sonradan hüquqi, maliyyə, marketinq və idarəetmə istiqamətlərində müxtəlif çətinliklərlə qarşılaşır. Biz də düşündük ki, niyə bu problemləri ayrı-ayrılıqda deyil, vahid platformada, peşəkarların iştirakı ilə müzakirə etməyək?

Əsas məqsədimiz sadəcə növbəti biznes tədbirini təşkil etmək deyildi. İstəyirdik ki, iştirakçılar forumdan yalnız motivasiya ilə deyil, həm də öz fəaliyyətlərində tətbiq edə biləcəkləri praktik biliklər və real həll yolları ilə ayrılsınlar.

Məhz buna görə forumu üç əsas istiqamət üzərində qurduq: sahibkarın düşüncə tərzi, biznesin hüquqi və maliyyə təməli, marketinq və satış strategiyaları. Çünki inanırıq ki, uğurlu biznes yalnız yaxşı ideya ilə qurulmur. Bunun üçün düzgün düşüncə tərzi, möhkəm təməl və effektiv inkişaf strategiyası lazımdır. Forumumuzun “Möhkəm Təməl • Güclü Brend • Uğurlu Sahibkar” şüarı da məhz bu yanaşmadan yaranıb”.

Onun sözlərinə görə, tədbirin nəticələri iştirakçıların biznes fəaliyyətində yaradacağı real dəyişikliklərlə qiymətləndiriləcək:

“Forumdan əsas gözləntimiz iştirakçıların buradan yalnız yeni məlumatlarla deyil, həm də yeni baxış bucağı, praktik biliklər və real əməkdaşlıq imkanları ilə ayrılmasıdır. Biz istəyirik ki, biznesə başlamaq istəyən bir gənc forumdan sonra ilk addımını necə atacağını bilsin, artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs isə biznesində yol verdiyi səhvləri görərək onları aradan qaldırmaq üçün konkret həll yolları qazansın.

Digər vacib gözləntimiz sahibkarlarla müxtəlif sahələrin peşəkarları arasında yeni əlaqələrin və əməkdaşlıqların formalaşmasıdır. Çünki düşünürük ki, biznesin inkişafında bilik qədər düzgün əlaqələr və təcrübə mübadiləsi də mühüm rol oynayır.

Təbii ki, təşkilatçı olaraq forumun yüksək səviyyədə keçirilməsi bizim üçün önəmlidir. Amma uğuru yalnız iştirakçı sayı və ya tədbirin miqyası ilə ölçmək istəmirik. Bizim üçün əsas uğur forumdan sonra iştirakçıların həyatında və biznes fəaliyyətində hansı müsbət dəyişikliklərin baş verməsidir.

Ən böyük gözləntimiz isə “Mikrosahibkarların Forumu”nun birdəfəlik tədbir olaraq qalmaması, gələcəkdə daha geniş sahibkar icmasını birləşdirən, yeni təşəbbüslərə və əməkdaşlıqlara yol açan davamlı platformaya çevrilməsidir. Çünki bizim məqsədimiz sadəcə bir forum təşkil etmək deyil, sahibkarlığın inkişafına real töhfə verməkdir”.

Qeyd edək ki, “Mikrosahibkarların Forumu 2026” sahibkarların bilik və təcrübə mübadiləsi aparması, peşəkarlarla əlaqələr qurması və bizneslərinin inkişafı üçün yeni yanaşmalar əldə etməsi məqsədi daşıyır.

Şərhlər 0

Hələ şərh yoxdur. İlk fikri siz bildirin.

Şərh yazın

Şərhlər redaksiya tərəfindən yoxlanıldıqdan sonra dərc olunur. Təhqiramiz, reklam xarakterli və mövzudan kənar şərhlər dərc edilmir.

Oxşar xəbərlər

Hamısına bax

Marketinq və texnologiya dünyasından xəbərdar olun!

Ən vacib xəbərləri və seçilmiş məqalələri birbaşa e-poçtunuza alın.

Abunə olmaqla məxfilik siyasəti ilə razılaşırsınız. İstənilən vaxt abunəlikdən çıxa bilərsiniz.