“YouTube”dan yenilik: Videolara baxmaq tarixə qovuşur
“YouTube” istifadəçilərin videolara daxil olmadan suallarına cavab tapa bilməsi üçün süni intellekt əsaslı yeni axtarış funksiyasını sınaqdan keçirir. “Ask YouTube” adlanan funksiya axtarış nəticələrinin yuxarısında yazılı cavablar təqdim etməklə məlumat əldə etməyi asanlaşdırmağı hədəfləyir.
Marklife.az xəbər verir ki, funksiya hazırda ABŞ-də ingilis dilində axtarış aparan və hesabına daxil olmuş məhdud sayda istifadəçi üçün sınaqdan keçirilib. Yeni sistem bəzi sorğulara verilən cavabları ənənəvi video nəticələrindən əvvəl göstərir.
“Ask YouTube” xüsusilə “necə etməli?” tipli suallara, praktiki biliklərin əldə edilməsinə və müəyyən bacarıqların öyrənilməsinə yönəlib. Süni intellekt yazılı izahları mövzuya uyğun videoların müvafiq fraqmentləri ilə birləşdirir. İstifadəçilər cavabları genişləndirə, əlavə suallar verə və ya səhifəni aşağı sürüşdürərək adi video nəticələrinə keçə bilərlər.
Yeni axtarış təcrübəsi uzun videoları, “Shorts” formatlı qısa videoları və mətn məlumatlarını vahid cavabda bir araya gətirir. Təqdim olunan video fraqmentləri sorğu ilə əlaqəli hissədən başlayır, həmçinin videonun adı və yayımlandığı kanal barədə məlumat göstərilir.
Bununla belə, yeni sistemin videoların izlənmə sayına və yaradıcıların gəlirlərinə faktiki təsiri hələ məlum deyil. “YouTube” süni intellekt cavablarında istifadə olunan məzmunun yaradıcıları üçün gəlir modelinə dair açıqlama verməyib.
Qeyd edək ki, funksiyanın digər ölkələrdə nə vaxt istifadəyə veriləcəyi barədə isə rəsmi məlumat açıqlanmayıb.
Mənbə: Marketinq Türkiyə
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


