Bu şirkətlər “Ofcom”a etiraz etdi
“Meta”, “TikTok” və “X” şirkətləri Böyük Britaniyanın media və kommunikasiya tənzimləyicisi Ofcom-un onlayn təhlükəsizlik qaydaları çərçivəsində tələb etdiyi məlumatların həcminə etiraz ediblər.
Trend-in Reuters agentliyinə istinadla xəbər verir ki, etiraz 2023-cü ildə qəbul edilmiş “Online Safety Act” qanununun tətbiqi ilə bağlıdır. Qanun sosial media platformalarından uşaqların zərərli və qanunsuz məzmundan qorunması istiqamətində daha sərt tədbirlər görməyi tələb edir.
Ofcom fevral ayında “Meta”, “TikTok” və “X” daxil olmaqla texnologiya şirkətlərindən kontent moderasiyası ilə bağlı ətraflı məlumat təqdim etmələrini istəyib. Tələblərə silinmiş paylaşımların sayı, görünürlüğü məhdudlaşdırılmış məzmun və zərərli kontentə məruz qalan istifadəçilərin sayı barədə məlumatlar daxildir.
Şirkətlər Ofcom-un məlumat tələblərinin ciddi inzibati yük yaratdığını bildirirlər. “X” şirkətinin təqdim etdiyi sənədlərdən birində sözügedən sorğu şirkətin hər hansı ölkənin tənzimləyici qurumundan aldığı “ən ağır məlumat tələbi” kimi qiymətləndirilib.
Qeyd edək ki, Böyük Britaniyanın yeni onlayn təhlükəsizlik rejimi çərçivəsində ən ciddi pozuntulara görə şirkətlər qlobal dövriyyələrinin 10 faizinədək məbləğində cərimələnə bilərlər.
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


