Adidasın yeni komandasında dördayaqlı ulduzlar var
Futbol sevgisini ailənin bütün üzvlərinə yaymaq istəyən adidas bu dəfə ev heyvanlarını da azarkeşlik mədəniyyətinə daxil edir. Şirkət Arsenal, Liverpool, Manchester United və Real Madridin də daxil olduğu yeddi futbol klubunun rənglərini ev heyvanları üçün hazırlanmış forma və aksessuarlara daşıyıb.
“Clubs Pet Collection” adlanan yeni kolleksiya futbol azarkeşliyinin yalnız stadion və oyun günləri ilə məhdudlaşmadığını göstərən fərqli bir marketinq addımı kimi diqqət çəkir. adidas bununla azarkeşlərin sevdikləri klublarla bağını ev heyvanlarını da əhatə edəcək şəkildə genişləndirməyi hədəfləyir.
Futbol formalarının mini versiyaları
Kolleksiyada Arsenal, Club América, Benfica, Bayern Münhen, Liverpool, Manchester United və Real Madridin klub kimliyindən ilhamlanan miniatür formalar yer alır.
Müxtəlif ölçülərdə hazırlanan formalarla yanaşı, klub rəngləri və emblemlərini daşıyan boyunluqlar və ev heyvanları üçün daşıma çantaları da kolleksiyaya daxildir.
Beləliklə, azarkeşlər yalnız öz sevdikləri komandanın formasını geyinməklə kifayətlənməyəcək, ev heyvanlarını da oyun günü stilinin bir hissəsinə çevirə biləcəklər.
“Maç günü” artıq evin bütün üzvləri üçündür
Kolleksiya klubların xarakterik rənglərini və dizayn elementlərini ev heyvanlarının istifadəsinə uyğunlaşdırır. Məhsulların oyun günlərindən park gəzintilərinə, evdə keçirilən vaxtdan səyahətlərə qədər müxtəlif situasiyalarda istifadə edilməsi nəzərdə tutulur.
Bu yanaşma adidasın futbol formasını yalnız idman geyimi kimi deyil, azarkeşlərin gündəlik həyat tərzinin bir hissəsi kimi təqdim etməsinə imkan verir.
adidas və futbol klublarından ilk ortaq pet kolleksiyası
“Clubs Pet Collection” adidas ilə aparıcı futbol klublarının ev heyvanları üçün birlikdə hazırladığı ilk xüsusi kolleksiyadır. Layihə “Team adidas” çərçivəsində həyata keçirilib.
Yeni kolleksiya futbol mövsümünün başlaması və klubların ətrafında formalaşan azarkeş icmalarının gücünü də nəzərə alır. Məhsullar 18 avqustdan etibarən seçilmiş bazarlarda adidas mağazaları, pərakəndə satış nöqtələri və brendin onlayn mağazası vasitəsilə satışa çıxarılıb.
Marketinq baxımından niyə diqqət çəkir?
adidasın bu kampaniyası məhsul kateqoriyasını genişləndirməklə yanaşı, azarkeşlik hissindən istifadə edən maraqlı marketinq nümunəsidir. Ev heyvanlarının insanların gündəlik həyatında və sosial mediada artan rolunu futbol azarkeşliyi ilə birləşdirən marka, klub loyallığını yeni auditoriya təmas nöqtələrinə daşıyır.
Beləliklə, futbol artıq yalnız insan üçün forma və aksesuar demək deyil — dörd ayaqlı dostlar da komandanın bir parçasına çevrilir.
Şərhlər 0
Hələ şərh yoxdur. İlk fikri siz bildirin.


