McDonald’s “Monopoly” oyununu geri gətirir

im-42262422.webp

McDonald’s “Monopoly” oyununu geri gətirir — 1 milyon dollar və pulsuz yeməklər hədiyyə ediləcək

Şirkətin bu addımı satışları artırmaq və brendə nostalji ilə bağlı marağı yenidən canlandırmaq məqsədi daşıyır.

McDonald’s bu həftədən etibarən məşhur “Monopoly” oyununu yenidən başlatdığını açıqlayıb. Müştərilər hər alış zamanı oyun hissəcikləri qazanaraq pulsuz yeməklərdən tutmuş 1 milyon dollara qədər müxtəlif hədiyyələr qazana biləcəklər.

Oyun məhdud müddət üçün keçərli olacaq və artıq bir çox analitiklər bu kampaniyanın McDonald’s-ın satış göstəricilərinə ciddi təsir göstərə biləcəyini düşünür.

McDonald’s-ı uzun illər izləyən analitik Mark Kalinowski bildirib ki, bu təşəbbüs ABŞ bazarında satış tendensiyalarını gücləndirəcək:

“Düşünürəm ki, oyun satış trendlərinə müsbət təsir göstərəcək. 2025-ci ilin dördüncü rübündə eyni mağaza satışlarında 4% artım gözləyirəm.”

Qeyd edək ki, şirkətin “Monopoly” kampaniyası ilk dəfə 1987-ci ildə keçirilib və illər ərzində brendin ən uğurlu marketinq layihələrindən birinə çevrilib. ABŞ-da sonuncu dəfə bu oyun 2016-cı ildə “Money Monopoly” adı ilə təqdim olunmuşdu.

Bu dəfəki versiya isə daha çox rəqəmsal yönümlüdür — oyunçular iştirak üçün McDonald’s mobil tətbiqindən istifadə etməli olacaqlar. Beləliklə, şirkət təkcə qısamüddətli satış deyil, həm də uzunmüddətli rəqəmsal müştəri bazasının genişlənməsini hədəfləyir.

Bank of America analitiki Sara Senatore qeyd edir ki, kampaniyanın məqsədi təkcə dəyər təklifi deyil, həm də müştəri diqqətini cəlb etməkdir:

“İnsanları restorana gətirən amil hər zaman qiymət olmur. McDonald’s ‘Minecraft Movie’ menyusu ilə bunu artıq sübut edib.”

Lakin hər şey bu qədər sadə deyil. Bəzi mütəxəssislər hesab edir ki, şirkət bu cür bahalı kampaniyalar əvəzinə qiymətləri endirməyə diqqət yetirməlidir. Marketinq rəhbəri Skott Robertson bunu belə izah edir:

“Niyə milyonlarla dolları yarışmaya xərcləyəsən ki, həmin vəsaitlə menyuda endirim edib müştərilərə real dəyər verə bilərsən.”

Digər tərəfdən, marketinq üzrə mütəxəssis Ada Hu bu kampaniyanın təkcə oyun deyil, mədəni hadisə olduğunu vurğulayıb:

“Bu, McDonald’s-ın sadəcə yemək deyil, həm də əlaqə satdığını xatırladır.”

McDonald’s kampaniyanın təhlükəsizlik və ədalət prinsiplərinə tam əməl ediləcəyini bəyan edib. Xatırladaq ki, keçmişdə “Monopoly” oyunu ilə bağlı 24 milyon dollarlıq saxtakarlıq hadisəsi baş vermiş və bu mövzu “McMillion$” adlı HBO sənədli filmində işıqlandırılmışdı.

Bu dəfə isə şirkət xüsusi təhlükəsizlik mexanizmləri və rəqəmsal nəzarət sistemi tətbiq etdiyini bildirib.